Xəzərdən başlayan səyahət artıq Qaradağda

4-05-2017, 23:10
189


Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaradağın qonağı oldu. Azərbaycanın 15 bölgəsində baş tutan  bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər,  eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Masazır gölü ətrafında tədbir keçirildi. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”-dən biri hesab olunur. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.

Su mərasimi, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı, karate üzrə Dünya və Avropa Çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi.  Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Neftçi İdman Klubu ictimai birliyinin Qaradağ İdman Təlim Bazasında daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə” - nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Bakı 2017 Oyunlarının ulduz səfiri Hacı Nuran da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.

Mərasim axşam saatlarında Qaradağ rayonu, Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi.  Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Aşıq Əli və Aşıq Samirə, Azərbaycan Ritmləri Mahnı və Rəqs ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qaradağ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov demişdir: “Bu tədbir həm idman, həm də birlik, tolerantlıq dəyərlərini özündə daşıyan ictimai tədbirdir. Tədbirin bir hissəsi olduğuma görə qürur duyuram.”

  //Nəzər Media.az