"Onlar oynasaydılar, qələbə qazanacaqdıq"

26-09-2016, 19:22
165

"Onlar oynasaydılar, qələbə qazanacaqdıq"Futzal üzrə dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşan Azərbaycan yığması 2:3 hesabı ilə uduzaraq, mundialdakı çıxışını dayandırıb.

Millimizin hücumçusu Tyaqo Teles Martins matçdan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Mübarizəni bu mərhələdə dayandırdığınıza görə təəssüflənirsinizmi?

- Əlbəttə, bunu gizlətmək mümkün deyil. Amma komandamız yaxşı oynadı. Ağır qarşılaşma oldu. İtkilərimizə rəğmən, onları sığortalamağa çalışdıq. Xətai, İsa, Ramiz əlindən gələn qədər kömək etdi. Bizim də şanslarımız az olmadı.
 
- Bu cür oyun üslubunu seçməyiniz nədən irəli gəlirdi?

- Vassoura, Fineo kimi hücumameylli oyunçularımız cəzalı idi. Buna görə də fərqli taktika seçmişdik. Oyunu müdafiədən qurub, rəqibi əks-hücumlarda yaxalamaq istəyirdik. Rikardinyoya qarşı yaxşı oynadıq. Sonuncu dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik. Xüsusilə də 5-in 4-ə oynayan zaman.
 
- Rikardinyoya qarşı oynamaq çətin olmadı?

- Çətin idi. Bu gün o, dünyada ən yaxşılardan hesab edilir. Çox cəlddi, ani qərarlar verir. Ancaq müdafiəmiz yaxşı oynadı, Rikardinyoya elə də çox şans vermədik.
 
- Bəs şanslarımızı niyə realizə edə bilmədik?

- Bəzən alınır, bəzən istədiyini həyata keçirə bilmirsən. Bəxt amili də rol oynayır.

- Fineo, Vassouranın yoxluğu çox hiss olundu?

- Onlar oynasaydı, oyun fərqli keçəcəkdi. Hər ikisi bizim üçün vacib futzalçılardı. Xüsusilə, hücumların qurulmasında yaxşı iştirak edirlər. İndi əminliklə deyə bilmərəm ki, onlar oynasaydılar, mütləq qələbə qazanacaqdıq. Sürətli futzalçılardı, köməkləri dəyə bilərdi.
 
- Millinin mundialdakı çıxışı ilə bağlı yekun sözünüz...

- İlk dəfə bu yarışda iştirak etdik. Çətin qrupda yer almışdıq. Amma ikinci yeri tutduq və növbəti mərhələyə adladıq. Qarşıya qoyulan tapşırığı yerinə yetirsək də, dayanmaq fikrində deyildik. Dayanmadıq da, Tailandı mübarizədən kənarlaşdırdıq. İstərdik yarımfinala yüksələk. Ancaq heç də pis oynamadığımız matçı əldən verdik.

   //milli.az