“Qarabağ”ın futbolçusu: “Təslim olmayacağıq”

23-02-2022, 21:37
105

BUGUNBİLDİM.COM



"Bizi çox çətin oyun gözləyir".

Nəzər Media.az apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borqes deyib.

Braziliyalı yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransına qatılıb.

26 yaşlı hücumameylli oyunçu fransızlarla matça hazır olduqlarını söyləyib: "Rəqib çox güclüdür. İlk oyundan sonra bunun bir daha fərqində olduq. İlk matçı təhlil etmişik, orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əleyhimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".

- Konfrans Liqasında bu mövsüm Bakıda məğlub olmamısınız və komandanın turnirdəki ən məhsuldar oyunçusu sizsiniz. "Velodrom"dakı oyunun çətinliyi nə qədər idi və Bakıdakı qarşılaşma nə dərəcədə ağır ola bilər?
- Səfər oyununa yollanmazdan əvvəl bizi çətin matçın gözlədiyini bilirdik. Qol imkanlarından yararlansaydıq, bəlkə fərqli olardı. Bizdən fərqli "Marsel" əlinə düşən şanslardan yararlandı. Bakıdakı ab-hava hər kəsə bəllidir, dolu tribunalar bizi daim irəli səsləyir. Baş məşqçi də həmişə deyir ki, komanda olaraq xarakter göstərməliyik. Sabah da bu xarakteri görəcəksiniz. Əlimizdən gələni edəcəyik.

- Avrokubokların pley-off mərhələsində klublarımızın heyətində ilk qolun müəllifi oldunuz. Bu, sizə əlavə motivasiya verirmi?
- Həmin qola imza atmaq böyük sevinc, xoşbəxtlikdir. Bu, təkcə mənim yox, bütün komandanın uğurudur. Bu, həm də onu göstərir ki, doğru yoldayıq. Ümid edirəm ki, bu, davamlı olacaq. Ən azı sabahkı matçda bunu göstərməyə çalışacağıq.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.