Atamla anamın öldürdükləri qardaşım

17-04-2017, 22:42
218


Qardaşım yaşca məndən böyükdür.  2-cə yaş. Anlayacağınız uşaqlığımızda, yeniyetməlik çağımızda dost və ya mehriban düşmən olmuşuq. Dalaşmışıq, dərdlərimizi bölüşmüşük, ilk sevdamızın həyəcanını paylaşmışıq, sirdaş olmuşuq.

Valideynlərimizin bu çər dəymiş oxumaq tələbindən kənarda hər şey gözəl, həyat şən idi. Mən oxumaq məsələsində nisbətən həssas olduğumdan ciddi sıxıntı yaşamırdım.

 Amma qardaşım...

Onda vəziyyət fərqli idi. Başını kitaba əyməsi üçün mütləq idi ki, atamın zabitəli səsi çıxsın, anamın çəkələyi (zəruri qeyd: şəp-şəp də deyirlər o soyuq sulaha) tolazlansın və ya çox vaxt dadlı xəmir xörəklərinin hazırlanması zamanı çıxartığı oxlov başının üzərini kəsdirsin.
Və bu vəziyyət ta məktəbin sonuna qədər davam etdi. "A bala oxu", "Ay uşaq oxu" ifadələri daim təqib etdi bizi, həyatımızı qaraltdı ya.

İnsaf naminə demək lazım idi ki, oxumağımız üçün hər şərait yaradılmışdı. Digər valideynlər kimi  oğlunun prokuror olması üçün "müəllim yanları"na (repetitor) biz də getdik. Amma oxumaq deyildi, vallah, mənim qardaşımınkı, Allah haqqı, deyildi. Adama oxumaq deyəndə, elə bil biyara gedirdi. Amma nə olsun, mənim valideynlərimin arzuları var idi, xəyalları var idi - uşaq prokuror olmalı, yağmalamalı, başqasının ömründən kəsməli, balalarını gözüyaşlı qoymalı idi ki, bizi bu kasıbçılıq girdabından qurtarsın.

Qurtardımı?

Yaxın belə düşə bilmədi. Ata-anam qardaşımdan çox şey istəyirdi, billah, hətta lap çox. Adam istəmirdi oxumağı, prokururor olmağı isə heç. Qəbul ola bilmədi. Amma valideynlərim onu "oxutmaqda" israrlı idilər. Çünki əsgərlik var, ondan daha vacib isə qohum-əqrəbanın yanında xar olmaq var, diplom mütləqdir.

"Müsabiqə" deyirdilər, məqsəd isə təhsil yox, əslində, insanları "sağmaq" olan prosesə girişdilər. Və Azərbaycan Pedoqoji Universitetinin Qazax filialına, özü də pullusuna düşdü qardaşım, təxminən 100-dən bir az artıq balla (50 balla da təxminən bu tip fakültələrə girmək mümkün idi). Qazaxın, APİ-sinin pullusu, a kişi...

Oranı da dörd il qardaşım yox, atam oxudu... Qardaşım dörd ildən sonra gedib diplomu götürdü, bu qədər bəsit...

İndiki vəziyyəti soruşursunuzsa, deyim.  Qardaşım yenə Qazaxdadır. Təhsil deyirsinizsə, deyil. Təsərüffat, bildyiniz kənd təsərrüfatı, mal-qara, toyuq-cücə. Xoşbəxtdimi?

Xoşbəxtdir.

Amma bu xoşbəxtliyə daha tez qovuşa bilərdi. Atam-anam aldı o illərini əlindən.  
Uşaqlarının xoşbəxtliyini oğurlayan digər valideynlər kimi. Övladları üçün "yaxşı gələcək" (yaxşı gələcək də pullu gələcək deməkdir onlara görə, pulu hansı yolla qazanmaq əhəmiyyət kəsb etmir) qurmaq hərisliyi ilə daşıya bilməyəcəkləri məsuliyyət yükləyilər zəif çiyinlərə.

Uşaqlara xilaskar missiyası yükləməkdir, onların bədbəxliyinə açılan yol. "Bizi bugünkü bataqlıqdan çıxaracaq" deyə onu sevmədiyi, həvəs gösərmədiyi, istedadı çatmadığı ixtisaslara, sənətlərə yönəltməkdir.

Buraxın adam öz həyatını yaşasın. Soruşun nə istəyir, müşahidə edin, daha çox həvəsi nəyədir, nəyi sevir? İmkan verin istədiyi yolla getsin, dəstək olun. Dəstək olun ki, istedadını qazandığı bacarığı ilə daha da zənginləşdirsin. Belə həm ailənizə, həm də cəmiyyətə daha çox fayda verəcək, inanın.

   //milli.az