Damdan yıxılan kişi dünyasını dəyişdi

11-04-2016, 13:52
347

Damdan yıxılan kişi dünyasını dəyişdiŞəmkir sakini bədbəxt hadisənin qurbanı olub. Hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Rayonun Polis İdarəsindən  verilən məlumata görə, rayonun Posanlı kənd sakini, 1962-ci il təvəllüdlü Mübariz Məhəmməd oğlu Ələkbərov mağazalardan birinin dam örtüyünü təmir edərkən yıxılıb. Ağır bədən xəsarətləri alan kişini Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. 54 yaşlı kişi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Bənzər hadisə bir neçə gün əvvəl də Gəncə şəhərində baş verib. Şəhər sakini 1959-cu il təvəllüdlü Balahüseyn Əhməd oğlu Əliyarov qapalı kəllə-beyin travması ilə xəstəxanaya gətirilib. Həkimlər onun vəziyyətinin ağırlığını nəzərə alaraq onu reanimasiya şöbəsinə yerləşdiriblər. Aparılan araşdırmalar nəticəsində 57 yaşlı B. Əliyarovun oğlunun evinin dam örtüyünü təmir edərkən damdan yıxılaraq xəsarət aldığı məlum olub.

Həmin hadisədən əvvəl daha bir damdan yıxılma faktı Bakıda yaşanıb. Binəqədi rayonu 9-cu mikrorayonda 35 yaşlı Cəlilabad rayon sakini Nəsirov Zaur Əli oğlu 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. Bacısının bildirdiyinə görə, o antena düzəldərkən ani diqqətsizlik səbəbindən yıxılıb. Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına çatdırılıb və onun həyatı xilas edilib.

   //ANS Press