Bakıda 79 600 saxta dolları 49 minə satmaq istədilər

1-02-2016, 17:07
321

Bakıda 79 600 saxta dolları 49 minə satmaq istədilərDaxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əskinası 49 min manata satmaq istəyərkən saxlanılıb.

Aparılmış tədbirlərlə ona saxta əskinasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.
Faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Bir neçə gün öncə Cəlilabad rayon sakini İsmayıl Quliyevin həmyerlisi Əli Abbasov, Ağdam rayon sakini Təbriz Quliyev, Bakı şəhər sakini Xəyal Rəhimov və Abşeron rayon sakini İlahə Bayramova ilə birlikdə mütəşəkkil cinayətkar dəstə yaradaraq saxta pullar hazırlaması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda - 10 min manatdan artıq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

   //ANS Press