Ərdoğan Rusiyanı hədələdi

27-11-2015, 13:18
340

Ərdoğan Rusiyanı hədələdiTürkiyə Rusiyanın S-400 kompleksindən istifadə etməsini təcavüz adlandırır.

Bu barədə ölkə lideri Rəcəb Tayyip Ərdoğan deyib. Onun sözlərinə əsasən, əgər Suriya üzərində uçan Türkiyəyə məxsus təyyarələr Rusiyanın S-400 raket kompleksi ilə vurularsa, Ankara bunu təcavüzkar addım kimi qiymətləndirəcək.

Ərdoğan qeyd edib ki, Suriya hava məkanı üzərində türk təyyarələrinin vurulması mümkün olarsa, o zaman Türkiyə artıq lazımi addımlar atacaq.

Türkiyənin Suriya ilə sərhəddə hərbi təyyarəni vurmasından sonra Rusiya S-400 raket kompleksini Suriyaya göndərmək haqqında qərar verib. Hava müdafiə sistemi Latakiayagöndərilib. Hava hücumndan müdafiə sistemləri Hmeymim hərbi hava bazasında yerləşdirilib.

Rusiya prezidenti S-400 zenit-raket sistemləri ilə yanaşı S-300 raketlərinin Suriyaya göndəriləcəyini açıqlayıb. S-400 480 kilometrdən hədəfə zərbə vura bilir.

Bir müddət əvvəl isə Türkiyə prezidenti jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Rusiyadan S-24 təyyarəsini vurduğuna görə üzr istəməyəcək. "Əksinə, Rusiya bizim hava məkanımızı pozduğuna görə, üzr istəməlidir", - deyə ölkə başçısı əlavə edib.

Müsahibəsində Rəcəb Tayyip Ərdoğan onu da qeyd edib ki, Rusiyaya aid Su-24 təyyarəsinin Türkiyənin qırıcı təyyarəsi tərəfindən vurulması məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə zəng vurub, lakin, onun zənginə cavab verən olmayıb. Sonradan Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov Ərdoğanın bu açıqlamasını təkzib edərək, Rusiyaya Türkiyə tərəfdən heç bir zəng olunmadığını deyib.

Ötən gün isə Putin jurnalistlərə açıqlama verib. Çıxışı zamanı ölkə lideri Türkiyədən üzrxahlıq gözlədiyini vurğulayıb. Dövlət başçısı onu da qeyd edib ki, Türkiyə höküməti Rusiya-Türkiyə münasibətlərinin qəsdən pozulmasını istəyir. "Biz buna çox üzülürük", - deyə Putin bildirib.



Çıxışı zamanı hadisə ilə bağlı hələ də Ankaradan heç bir izahın olmadığını deyən Rusiya prezidenti bildirib ki, təyyarənin vurulması beynəlxalq hüquqa zidd bir hadisə olub:

"Ankaradan hələ də izahat gözləyirik. Amma heç bir şərh yoxdur. Kimsə bizə nə vurulan təyyarəyə görə kompensasiya verəcəyini, nə də günahkarın cəzalanacağı barədə heç nə demir", - deyə ölkə lideri əlavə edib.

Çıxışının sonunda Vladimir Putin "terrorla mübarizədə həmkar saydığımız ölkə, xaincəsinə bizi kürəyimizdən bıçaqladı" cümləsini işlədib.

Cari ilin noyabrın 24-də Türkiyənin F-16 qırıcı təyyarəsi Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 təyyarənini məhv edib. Məlumata görə, "Su-24" təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir.

   //ANS Press