Avropa miqrantları paylayır

23-09-2015, 09:56
308

Avropa miqrantları paylayır
Avropa Birliyi ölkələrinin daxili işlər nazirləri böyük səs çoxluğu ilə miqrantların üzv ölkələr arasında bölünməsi ilə bağlı qətnamə qəbul ediblər.

Bu gün qəbul edilmiş sənəddə əlavə 120 min qaçqının qəbulu və yerləşdirilməsi nəzərdə tutulur.

Planın yaxın 2 il ərzində qüvvəyə minəcəyi gözlənilir. Çexiya, Slovakiya, Macarıstan və Rumınya planın əleyhinə səs verib, Finlandiya isə bitərəf qalıb. Amma plan əksəriyyət səslə qəbul edilib. Təkcə bu il Avropa Birliyi ölkələrinə 500 mindən çox qaçqın gəlib. Onların əksəriyyəti Suriya, İraq və Əfqanıstandandır.

"120 min qaçqının bölüşdürülməsinə dair qərar Aİ-nin üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə qəbul olunub”,- bu barədə Aİ-də sədrlik edən Lüksemburqun daimi nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

Bir müddət əvvəl Xorvatiyanın baş naziri Zoran Milanoviç ölkəsinin "miqrant qəbulu mərkəzinə" çevrilməyəcəyini bəyan edib. Baş nazirin sözlərinə görə ölkə artıq miqrant axınına tab gətirmir. Son günlər ərzində Xorvatiyaya 14 min insan gəlib. Miqrant axınına görə xorvat polisi Serbiya ilə sərhəddə 8 keçid məntəqəsindən 7-ni bağlayıb. Serbiya isə öz növbəsində məntəqələrin açılmayacağı təqdirdə Xorvatiyanı Beynəlxalq məhkəməyə verəcəyini bəyan edib.

Belqrad on minlərlərlə miqrantın Serbiya sərhədində qalacağından ehtiyat edir. Bir az əvvəl Macarıstan bu ölkə ilə sərhəddə bənd tikintisini sona çatdırıb. Macarıstanın baş naziri Viktor Orban miqrant axınınını dayandırmaq üçün bu yola əl atdıqlarını deyir. Son bir neçə gün ərzində ölkə vasitəsilə 200 mindən çox miqrant Avropa Birliyinə daxil olan ölkələrə keçə biliblər. Macarıstan polisi və miqrantlar arasında yaranan qarşıdurmalar zamanı polis onlara qarşı su şırnağlarından və gözyaşardıcı qazdan da istifadə edib.

BMT-nin katibi Pan Qi Mun macar polislərinin mühacirlərlə rəftarından danışaraq, onların heç də düzgün hərəkət etmədiklərini vurğulayıb. Avropa, xüsusən, Almaniya və İsveç qaçqın axınına tab gətirmir. Avropa İttifaqının liderlərinin razılığa qələ bilməməsi isə vəziyyəti bir az da gərginləşdirir. Türkiyədən Kos adasına keçməyə çalışan Kürdi ailəsində iki övlad və ananın ölümü miqrantların faicəsinin rəmzinə çevrilib. Dəniz sahillərində meyidi tapılan 4 yaşlı Aylan Kürdinin şəkili isə dünya mətbuatında ildırım sürəti ilə yayılıb.

Avropaya miqrant axınının artmasına səbəb Yaxın Şərqdə baş verən münaqişələr, İŞİD zorakılığı və nəticədə bu regionda yoxsulluğun və aclığın hökm sürməsidir. Bununla bağlı nə Avropada, nə BMT-də, nə də dünyanın super gücləri hesab olunan ABŞ və Rusiyada heç bir danışıqlıqlar getmir. Nəyə görə, vətənlərindən didərgin düşən bu insanlar ərəb ölkələrində deyil, Avropa ölkələrində yerləşdirilməlidirlər?

Bütün bu problemlər Avropa liderlərinin zəifliyindən və bir araya gələ bilmədiklərindən xəbər verir. Bir tərəfdə, Almaniya kansleri Angela Merkel kimiləri avropalıların mənəvi dəyərlərini göstərməyə çalışır, digər tərəfdən, Macarıstanın baş naziri Viktor Orban kimiləri isə, miqrantlara ayrılmış maliyyənin azaldılması və onların ölkəyə gəlməməsi üçün əlindən gələni əsirgəmir.


Avropa Birliyinə daxil olan ölkələr arasında Almaniyaya üz tutmaq istəyənlər daha çoxdur. Bu ölkə, nəinki, indiyənədək Avropaya daxil olan miqrantların 40%-ni qəbul edib, eyni zamanda, Dublin razılaşmasından da imtina edərək, ölkəsinə gələn qaçqınlara miqrant sənədi verir. Odur ki, İtaliya və Yunanıstandan Almaniyaya keçən mühacirlər burada deportasiyadan qorxmayaraq, yaşaya bilərlər. Bunun nəticəsidir ki, bu il Almaniya artıq 800,000 qaçqın qəbul edib.

Böyük Britaniyanın baş naziri Devid Kameron isə öz inadkarlığında qalaraq, ölkəyə mühacirlərin çox az bir qismini buraxıb və hal-hazırda da sərhədlərin bağlanması üzrə işlər aparır.


Miqrantların bu sayda axını ölkələrə öz iqtisadi təsirini göstərmədən keçə bilməz. Onların inteqrasiya üzrə proqramlarına milyardlarla avro xərclənir və bundan sonra da xərclənəcək.Mühacirlərin çoxu gəldikləri ölkələrdə rahat yaşamaq, yerləşmək istəyirlər, onlar həmin ölkələrdə işləmək fikrində belə deyillər. Çox vaxt buna görə, hətta, yerli sakinlər hakimiyyətə qarşı etirazlarla da çıxış edirlər.


Bu hadisələrdə başqa bir mühüm məqam Avropa ölkəsinə gələn miqrantların ölkələrdə öz mədəniyyəti və adət-ənənəsini yaymasıdır ki, bu da yerli əhalini narahat edir. Yerli sakinlər miqrantların gəlişi ilə ölkələrində cinayətkarlığın, işsizliyin artacağını da düşünürlər. Bu da Avropa ölkələrini maraqlandıran daha bir problemdir.

Bu uzunmüddətli miqrasiyaların tək bir çıxış yolu, Yaxın Şərqdə münaqişələrin həll olunması istiqamətində işlərin aparılmasıdır. Əks halda Avropa uzun müddət miqrant problemi ilə üz-üzə qalacaq.

   //ANS Press