Bu müəllimlərin maaşı hələ artırılmayacaq

16-09-2015, 22:11
171

Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Azərbaycanın bölgələrindəki orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsinin vaxtı hələ də müəyyənləşdirilməyib. Təhsil Nazirliyindən bildirilib ki, yaxın gələcəkdə diaqnostik qiymətləndirmənin respublikanın bütün bölgələrində keçirilməsi planlaşdırılır. Lakin dəqiq vaxt hələ də bilinmir.

Eyni zamanda qeyd edilib ki, respublikanın digər rayon və şəhərlərində diaqnostik qiymətləndirmə keçirilərkən həmin rayonun və şəhərin ümumi təhsil məktəblərində mövcud şagird-müəllim nisbəti və dərs yükünün optimallaşdırılması kimi meyarlar əsas götürələcək.

Sınaq qiymətləndirilməsi ilk dəfə olaraq Bakı şəhərində keçirilib. Qiymətləndirmədə paytaxtdakı ümumtəhsil məktəblərində çalışan 30 minədək müəllim iştirak edib. diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əməkhaqqısı 30-40 faiz, 32,7 faizinin əməkhaqqısı 20-30 faiz, 7,1 faizinin əməkhaqqısı isə 15-20 faiz həcmində artıb.


Onların əməkhaqqı Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən artırılıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

   //ANS Press