SOCAR milyonluq zərərə düşə bilər

29-10-2015, 21:06
399

SOCAR milyonluq zərərə düşə bilərAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlıq haqqında danışıb.

Rusiyanın "Qazprom" şirkəti ilə ARDNŞ arasında qaz nəqlinə dair svop müqavilənin (məhsulun gələcəkdə satılması zəmanəti ilə müvəqqəti alınması) texniki detalları hazırlanır. Bununla belə müqavilənin nə vaxt imzalanacağı məlum deyil.

Bildirilib ki, "Qazprom"un Azərbaycana gündə 10 milyon, illik 2 milyard kub metr qazın nəql edilməsi nəzərdə tutulur. Həmin qaz ARDNŞ-nin anbarlarına vurularaq saxlanılacaq.

2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunacaq və Muxtar Respublikanı qazla təmin edəcək. Belə ki, svop müqavilədə məhsul gələcəkdə satılması zəmanəti ilə müvəqqəti alınır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, belə bir müqavilənin imzalanma səbəblərindən biri Azərbaycanın həcmini artırdığı qaz anbarlarını yoxlamaqdır. "Hazırda ARDNŞ qaz anbarlarının həcmini 5 milyard kub metrədək artırıb. Bu müqavilə sayəsində həmin anbarların real pratikada qaz tutumunu - ona nə qədər qazın vurulmasını yoxlamaq mümkün olacaq", - deyə İlham Şaban bildirib.

Bununla yanaşı, müqavilə imzalanarkən hər iki tərəfin kommersiya maraqları da olmalı və nəzərə alınmalıdır. Çünki rus qazının toplanması, saxlanması və başqa nöqtəyə ötürülməsi xərc tələb edir. Digər tərəfdən, Rusiyanın Dağıstana dolayı yolla satdığı qazdan mənfəət əldə edəcəyi də nəzərə alınmalıdır. Əks halda "Qazprom"la svop müqavilə Dövlət Neft Şirkəti üçün zərərli ticarət olacaq və şirkət 1 neçə milyon manatlıq zərərə düşəcək.

Eyni zamanda, xatırladaq ki, bu, 2015-ci il ərzində "Qazprom"la imzlanan ikinci müqavilədir. İlk müqaviləni sentyabrda Azərbaycan metanol şirkəti "AzMeCo" imzalamışdı. Müqavilə Azərbaycana Rusiyadan qaz idxalını nəzərdə tuturdu.

Həmin razılıq çərçivəsində Rusiyadan Azərbaycana 100 milyon kub metr həcmində qaz ixrac edilmişdi. Lakin təxminən bir ay sonra 5 il müddətinə bağlanan müqavilə dayandırıldı. "AzMeCo"nun rəsmi nümayəndəsi belə bir qərarın qəbul edilməsinə səbəb olaraq metanolun qiymətinin aşağı olmasını göstərib.

"Metanolun dünya bazarında qiyməti aşağı düşdüyündən mövcud müqavilədəki qiymətə "Qazprom"dan qaz alışı "AzMeCo" üçün əlverişli deyil. Hazırki şərtlərlə metanol istehsalı mənfəət deyil, zərərlə müşayiət olunduğu üçün şirkət qaz alışını dayandırdı", - deyə o bildirib.


Bunula belə, ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycan özü 2015-ci il ərzində daxili ehtiyacını təmin edəcək qədər - əvvəlki illərdən təxminən 2 dəfə artıq qaz hasil edib.

Onun sözlərinə görə, ölkədə 2015-ci ildə qaz hasilatının həcmi 10 milyard kub metr təşkil edə bilər. "Bu il illik hasilat, yəqin ki, 10 milyard kub metr təşkil edəcək", - deyə Xoşbəxt Yusifzadə bildirib.

Qeyd edək ki, Azərbaycanın təbii qaza olan illik ehtiyacı bu il çıxarılan qazın həcminə uyğundur. Belə ki, ölkənin illik qaz ehtiyacı da 10 milyard kub metr təşkil etdiyi bildirilir.

  //ANS Press