Azərbaycanın qiymətli kağızlar bazarı 33 faiz artıb

17-02-2017, 15:24
49

Azərbaycanın qiymətli kağızlar bazarı 33 faiz artıb2016-cı il ərzində Azərbaycanın qiymətli kağızlar bazarı artım nümayiş etdirib, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı, önəmli keyfiyyət dəyişiklikləri də qeydə alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14,026 milyard manat təşkil edib. Keçən il ərzində qiymətli kağızların ilkin bazarı 4,5 dəfə artaraq 8,669 milyard manata çatıb. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2 dəfədən, dövlət qiymətli kağızlar bazarı isə 40 dəfədən çox artıb.

2016-cı il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 39% artaraq 913 milyon manat təşkil etməsinə səbəb olub. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olub.

Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2 dəfədən çox artaraq 563 milyon manata çatıb. Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 7,833 milyard manat olub. Dövlət əhəmiyyətli layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin edib, nəticədə manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 4,6 dəfə artaraq 7,5 milyard manata çatıb.

Bu dövr ərzində xarici valyutada ticarət olunan korporativ istiqrazlar bazarının həm ilkin, həm də təkrar bazarında artım müşahidə edilib. Belə ki, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 13 dəfə artaraq 182 milyon manata çatıb, təkrar bazarda keçirilmiş əməliyyatların həcmi isə 4,1 dəfə artaraq 75,6 milyon manatı ötüb.

Keçən il ərzində Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə not buraxılışlarına başlanması dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib.

2016-cı ildə dövlət istiqrazları bazarında əqdlərin həcmi 2015-ci il ilə müqayisədə 27,2 dəfə artaraq 567 milyon manat təşkil edib. Dövlət istiqrazlarının təkrar bazarı 7 dəfə artaraq 146 milyon manata çatıb. Ölkədə gedən iqtisadi proseslər fonunda ilk dəfə olaraq dövlət istiqrazları üzrə gəlirliliyin bazarda tələb və təklif əsasında formalaşması məqsədilə təqdim edilən sifarişlər üzrə qiymət həddi təyin edilməyib. Nəticədə dövlət qiymətli kağızları üzrə orta gəlirlilik göstəricilərində əvvəlki illərdən fərqli olaraq artım müşahidə olunub. 2016-cı ildə manatla yerləşdirilən qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 13,07%-ə yüksəlib. Xarici valyuta ilə ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi yalnız bir dəfə baş tutub ki, onun da gəlirliyi 3% təşkil edib.

2016-cı il ərzində monetar siyasətin həyata keçirilməsi məqsədilə iki illik fasilədən sonra fond birjasında Mərkəzi Bankın notları yerləşdirilib. Hərrac üsulu ilə yerləşdirilmiş notların ümumi məbləği 268,7 milyon manat olub. Keçən il ərzində Mərkəzi Bankın notları üzrə orta çəkili gəlirlilik 14,86% təşkil edib.

Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 4,168 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 272 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 4,440 milyard manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 28% geriləmə müşahidə edilib.

Hesabat dövrü ərzində dövlət istiqrazları ilə ümumi məbləği 2 milyon manat olan iki repo əməliyyatı keçirilib ki, bu da 2015-ci il ilə müqayisədə 15,6 dəfə azdır.

Kapital bazarları üzrə 2016-cı il ərzində ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

   //milli.az