Azərbaycan əsgərləri Əfqanıstanda

14-10-2015, 21:04
545

Azərbaycan əsgərləri Əfqanıstanda
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbər verir.

Onların sözlərinə əsasən, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-si tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Adətən, ildə iki dəfə Əfqanıstana yola salınan əsgərlər sonuncu dəfə cari ilin aprel ayında orada olublar. Belə ki, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 35 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. O zaman da oraya 98 əsgər göndərilib.

1997-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı Ordusu yaranıb, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib.

1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.

Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 90 azərbaycanlı sülhməramlısı xidmət edir. Bu hərbçilər post-patrul xidmətini yerinə yetirirlər. İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi, 2008-ci ildə daha 23 nəfər, sonralar daha 45 azərbaycanlı əsgərı Əfqanıstana göndərilib. Hal-hazırda isə onların sayı 98-ə çatıb.

  //Nəzər Media.az