Bakıda sərgilər keçiriləcək

8-10-2015, 13:53
430

Bakıda sərgilər keçiriləcək

 9-cu Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
 
9 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə Azərbaycanda təhsil sahəsində təşkil olunan yeganə tədbir - 9-cu Azərbaycan beynəlxalq "Təhsil" sərgisi öz işinə başlayır. Ənənəvi olaraq, həm öz miqyasına, həm də iştirakçıların tərkibinə görə Azərbaycanda təhsil xidmətləri sahəsində ən böyük sərgi hesab olunan "Təhsil" sərgisi bu dəfə də "Karyera" sərgisi ilə eyni vaxtda keçirilir. Hər il 10 min nəfərdən çox ziyarətçi bu sərgi sayəsində yerli və xarici təhsil müəssisələri, təqaüdlər, tələbə vizalarının verilməsi qaydaları və digər mühüm məsələlər barədə ən dürüst məlumata sahib olurlar.

Bu il "Təhsil" sərgisində dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edir. Sərginin ekspozisiyasını 75-dən çox pullu və pulsuz fakültə, ən fərqli ixtisaslar üzrə tədris proqramları və kurslar təşkil edir. İştirakçılar arasında Azərbaycan, ABŞ, BƏƏ, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, eləcə də kolleclər, tədris/təlim kursları, habelə dövlət təşkilatları və müəssisələri var. Azərbaycan tələbələrinin təhsili üçün imkanlar haqqında məlumat isə sərgidə 5 ölkənin milli stendi tərəfindən təqdim olunur: Latviya, Litva, Polşa, Türkiyə və ABŞ (Latviya və ABŞ stendləri bu ilin debütantlarıdır). Bütövlükdə, sərgi debütantları ümumi iştirakçı sayının 30%-ni təşkil edir. Sərgidə ilk dəfə iştirak edən xarici ali təhsil müəssisələri (ATM) arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Akademik S.P. Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, Milli Tədqiqat Texnoloji Universiteti "MİSiS", N.P.Oqaryov adına Mordova Dövlət Milli Tədqiqat Universiteti, Polşanın Avro-Regional İqtisadiyyat Universiteti və digərləri var.

Sevindirici haldır ki, sərgidə Azərbaycandan olan təhsil müəssisələrinin də sayı artır, belə ki, sərgi iştirakçılarının siyahısında Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnoloji Universiteti (Gəncə), İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Gəncə Dövlət Universiteti, "CELT Colleges", "F-Group Academy" və ölkənin bir sıra digər təhsil müəssisələri var. Yerli ATM-lər arasında isə debütant qismində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti çıxış edir. Ənənəvi olaraq sərgidə fəal iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi öz stendində nazirliyin yaxın illər üçün nəzərdə tutduğu plan və proqramlar haqqında məlumatı təqdim edəcək.

Sərgidə əsas diqqət 16 və daha yuxarı yaşda ziyarətçilər üçün nəzərdə tutulmuş "ali təhsil" və "dil bacarıqlarının təkmilləşdirilməsi" sektorlarına yönəldilir. Ekspozisiyanın əsasını müxtəlif universitet proqramları, bakalavr, magistr, biznes idarəçiliyi magistri və fəlsəfə elmləri doktoru dərəcələrinin qazanılması üzrə imkanlar və dil kursları təşkil edir. Respublika rəhbərliyi tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirildiyinə görə bu il də universitetlər turizm, robot texnikası, informasiya texnologiyaları, texniki təhsil (mühəndislik) və istehsalın avtomatlaşdırılması prosesləri sahəsində təhsil üzrə təkliflərlə çıxış etdi. Sərgidə bu ixtisaslar geniş şəkildə təqdim olunacaq: "Biznes və marketinq", "İnformatika və kompyuter texnologiyaları" və sərgidə bir dəfəyə beş ixtisasla, o cümlədən biotexnologiyalar ixtisası ilə təmsil olunan "Tibb təhsili". İlk dəfə olaraq, "Təhsil" sərgisində "metallurgiya", "təbii sərvətlərin idarə olunması və mühafizəsi", "həndəsə" və "hərbi texnologiyalar" fakültələri təqdim olunur. Beləliklə, sərgi növbəti dəfə ən yaxşı təhsili seçmək üçün unikal imkan yaratmaqla yanaşı, Azərbaycan tələbələri üçün xarici ATM-ləri daha əlçatan edəcək!
Birbaşa sərgidə ziyarətçilər aparıcı ATM-lərin nümayəndələri ilə şəxsən ünsiyyət saxlaya biləcək və qəbul prosesinə nədən başlamalı olduqları, buna ən yaxşı şəkildə necə hazırlaşa biləcəkləri, sənədlərin təqdim olunması müddətləri, təhsil haqqı, habelə tələbələr üçün yaşayış yerinin necə təşkil edildiyi barədə onları maraqlandıran sualları verərək, ATM-lərin və ixtisasların reytinqi və bir sıra digər məsələlər haqqında məlumat ala biləcəklər.
Bu il "Təhsil müəssisələri üçün müasir avadanlıq" sektoru da diqqət mərkəzində olacaq. Təhsil prosesini asanlaşdıran yeni İT texnologiyaları sərgidə "Lukas-Nuelle" və "Sinam" şirkətləri tərəfindən təqdim olunur, "ITE" ("Innovative Technologies in Education") şirkətləri və digər şirkətlər isə interaktiv yazı lövhələri, orta və ali təhsil müəssisələri üçün kompyuterlər, laboratoriya avadanlıqlarını nümayiş etdirəcəklər.

9-cu Azərbaycan Beynəlxalq Karyera Sərgisi

9 - 11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində birbaşa işədüzəlmə üçün unikal şərait yaradan ixtisaslaşdırılmış tədbir - 9-cu Azərbaycan beynəlxalq "Karyera" sərgisi keçiriləcək. Tədbirin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənməsi bu sərginin əhəmiyyətini bir daha vurğulayır.
Bu il "Karyera" sərgisinin iştirakçıları, o cümlədən "Azercell", "Azersu", "Azersun Holding", "Gilan Holding", Bakı Metropoliteni, "Halliburton", ARDNŞ, "SOCAR Polymer" və digər şirkətlər neft-qaz, telekommunikasiya, nəqliyyat xidmətləri, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələrində vakant iş yerlərini təqdim edirlər.
Ümumilikdə, iş axtaran şəxsləri aşağıdakı ixtisaslar üzrə real boş (vakant) iş yerləri gözləyir: mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadr ehtiyatları üzrə menecer, çağrı mərkəzinin əməkdaşı, marketinq meneceri, energetika sahəsində mühəndis, elektriklər, mexaniklər, avtomatika mütəxəssisləri və s. Həmçinin, sərgidə ziyarətçilərin məşğulluq üzrə pulsuz məsləhətlər almaq, anketləri doldurmaq və hətta təqdim olunan şirkətlərin kadr şöbələrinin işçiləri ilə ilk müsahibələrdən keçmək imkanı olacaq.

"Təhsil" və "Karyera" sərgiləri ilə eyni vaxtda geniş işgüzar proqramın həyata keçirilməsi də nəzərdə tutulub, belə ki, ilk olaraq 9 oktyabr tarixində saat 12:00-da "Ultra Computers" şirkəti fəaliyyətə başlayaraq, ""Elektron təhsil - Tədris prosesində innovativ yanaşma" mövzusunda seminar-təqdimat təşkil edəcək. Daha sonra saat 12:30-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texnoloji Universiteti və "Caspian Event Organisers" şirkətinin iştirakı ilə əməkdaşlıq haqqında memorandumun imzalanması baş tutacaq. Elə həmin gün "Sifarişçiyə yönəldilən proqram" mövzusunda konfrans öz işinə başlayaraq iki gün davam edəcəkdir. Konfransın təşkilatçıları qismində Texnoloji Universitet, Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Caspian Event Organisers" şirkəti çıxış edir. Sərgi çərçivəsində daha bir tədbir isə "Qızlar üçün təhsil proqramları" olacaq. Bu seminarda məktəb direktorları, məktəb psixoloqları və təhsil nazirliyinin nümayəndələri iştirak edəcək. Natiq qismində ABŞ-dan müstəqil məktəb və birliklərin beynəlxalq məsləhətçisi Marqaret Multon çıxış edir. Tərcümeyi-hal formalarının düzgün doldurulması proseduru, arzu olunan vəzifəni əldə etmək üçün müsahibədən keçmənin düzgün qaydası 10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində "Gilan Holding" şirkəti tərəfindən keçiriləcək "İş axtaranlar üçün seminar"da izah olunacaq.

Beləliklə, sərgi təhsil və məşğulluğun ən aktual mövzularına toxunur. Sərginin geniş ekspozisiyası isə təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, ölkə və xaricdə təhsil istiqamətləri və formalarının müxtəlifliyi haqqında gənclərin məlumatlandırılmasına, eləcə də təqdim olunan vakansiyalar üzrə iş tapmağa kömək edir. Bu gün məlumat əldə etmək üçün çoxsaylı üsulların mövcud olmasına baxmayaraq, ixtisaslaşdırılmış sərgi üç gün ərzində lazımı məlumatı tam həcmdə əldə etməyə imkan verən vasitədir. "Təhsil" sərgisinə giriş 9-11-ci sinif şagirdləri, habelə onların valideynləri, eləcə də abituriyentlər, tələbələr, məktəb direktorları, universitet rektorları, təsərrüfat bölməsi üzrə prorektorlar və bu sahənin digər peşəkarları, "Karyera" sərgisi isə iş axtarışında olan hər kəs üçün açıq olacaq. Sərgi günlərində ziyarətçiləri "Koroğlu" metro stansiyasından sərgiyə və geriyə müntəzəm surətdə çatdıracaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgilərin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.

   //milli.az