Mərkəzi Bankdan manatla bağlı qərar

17-03-2016, 14:22
382

Mərkəzi Bankdan manatla bağlı qərarSon vaxtlar milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra qərarlar qəbul edilib.

Mərkəzi Bankdan  verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 03 mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilib.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılıb. Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və  iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə ilə atılıb.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

   //ANS Press