Azərbaycan pilotları öz gücünü göstərdi

18-09-2015, 23:08
527

Azərbaycan pilotları öz gücünü göstərdi
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Nihat Çırakoğlunun iştirakı ilə təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətin, aviasiya vasitələrinin fəliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, davamlı olaraq Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaqdır.

Avqustun 22-dən başlayan birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum , F-4E bombardmançı , C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş , Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat , Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak ediblər. Eyni zamanda təlimlərdə iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Birgə təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları döyüş atışlarını icra ediblər. Təlimin ssenarisinə əsasən hava məkanını pozan şərti düşmən aşkarlanaraq onun haqqında informasiya döyüşü idarəetmə məntəqəsinə çatdırılıb və hava hədəfləri izlənməyə götürülüb.

Təlimin əsas mərhələsində S-125 tipli zenit raket komplekslərinin döyüş və texniki heyətinin bacarığı və məharəti nəticəsində döyüş atışlı zərbələrlə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.

    //ANS Press