Deputat: "Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var"

15-10-2015, 16:13
123

Deputat: "Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var"
Maliyyə intizamının gücləndirilməsi üçün Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi ödəmələri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, iclasda geniş təhlil aparılıb və Prezident İlham Əliyev iqtisadiyyatın daha da dayanıqlı, davamlı inkişafı üçün hansı tədbirlərin görülməli olduğunu vurğulayıb. Prezidentin açıqladığı bütün tədbirlərin vacibliyini qeyd edən deputat deyib ki, iclasda səsləndirilən fikirlərin həyata keçirilməsi üçün bir sıra amillər lazımdır: "Maliyyə intizamının gücləndirilməsi üçün Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda, vergi mədəniyyətinin formalaşması lazımdır. Bu gün həqiqətən də Azərbaycanda vergi mədəniyyətinin formalaşmasında müəyyən problemlərimiz var. Çünki dövlət sahibkarlığın inkişafı üçün kifayət qədər münbit şərait yaradıb. Kreditlərin, subsidiyaların, sahibkarlığa yardımla bağlı maliyyə vəsaitinin verilməsi, böyük layihələrin dövlət tərəfindən kreditləşməsi aparılır. Vergi mədəniyyətinin formalaşması üçün maarifləndirmə işləri aparmaq lazımdır".

Vergilərin vaxtında ödənilməsinin sahibkarlığın inkişafına təkan verdiyini qeyd edən B.Əliyev korrupsiyaya qarşı mübarizə məsələlərinə də toxunub: "Sahibkarlar vergilərin onlara yenidən kredit şəklində qayıda biləcəyini sanki düşünmürlər. Bu birmənalıdır ki, vergilər ödənilməlidir. Verginin ödənilməsi ilə sahibkarlıq inkişaf etməlidir. Bunlar paralel məsələlərdir və cənab Prezident İlham Əliyev də çıxışında bunu vurğuladı. Bundan başqa, sahibkarlığa süni maneələr, korrupsiya halları da var. Bu məsələlərlə bağlı ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Ortaya siyasi iradə qoyulub".

Xatırladaq ki, oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

   //Trend