Səməd Seyidov: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi çox məntiqli addımdır"

11-01-2017, 22:16
35

Səməd Seyidov: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi çox məntiqli addımdır"Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi çox düzgün, zərurətdən doğan və yalnız islam dünyasında yox, bütün dünyada böyük əks-səda yaradacaq bir addımdır.

Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, bu gün Azərbaycanın bütün dini konfessiyaları, bütün millətləri öz siyasəti ilə birləşdirdiyini və islam dünyasının ən çətin, ən problemli dövrünü yaşadığını nəzərə alsaq, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün islam dünyasında, ümumiyyətlə, bütün dünyada bir barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addımdır:

"Həmçinin bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Eyni zamanda, ötən ili "Multikulturalizm İli" elan etməklə Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini ortaya qoydu və dünyaya göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq olan islam dinidir. Bununla yanaşı, cənab prezidentin "Biz islam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq" sözləri heç də təsadüfi deyil və hesab edirəm ki, bu, həm millətimizin adını islam dünyasında, həm də islam aləmini dünyada yeni və yüksək bir mərhələyə qaldıracaq".

   //Trend