“Tarif Şurası üzünü bu tərəfə də çevirsin!” - Siyavuş Novruzov

16-12-2016, 15:07
223

“Tarif Şurası üzünü bu tərəfə də çevirsin!” - Siyavuş Novruzov"Tarif Şurası hər şeyə baxır. Arada bir üzünü bu tərəfə də çevirsin, bura da baxsın. Parklanma yerləri ilə bağlı vahid qiymət müəyyənləşdirsin”.

Bunu YAP-çı millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında paytaxtdakı parklanma problem ilə bağlı danışarkən deyib.

Millət vəkili deyib ki, parklanma yerlərinə elə qiymət qoyublar ki, ortada siçanlar oynayır: "Maşın adına heç bir şey yoxdur. Bəs nədən ötür tikilib istifadəyə verilib? Hər saatına da bir manat pul qoyublar. Bir şəxs idarədə işləyirsə, gəlib orda avtomobilini saxlayırsa, hər həftə ərzində beş günlük iş həftəsidirsə, o zaman 8 saat işləməlidir. Hər həftəyə 40 manat pul ödəməlidir. Ay ərzində bu 200 manat edir. Bir vətəndaş bir avtomobilinə aldığı əməkhaqqının 30-40 faizini ödəməlidir. Buna görə də heç kim orada maşın saxlamır. Məcbur olur ki , qadağa olunmuş yerlərdə saxlasın. 1-2 manatla gün ərəzində başını ötüşdürsün.

Digər tərəfdə hökumətin tikdiyi, təhvil verdiyi yer boş boşuna qalır. Ona görə də qiymətlərə baxmaq lazımdır. Kim hansı qiyməti istəyirsə, onu müəyyənləşdirir. Bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdusa, bu saatını 2 manat edir. Başqa birinki yoxdursa o başqa qiymət müəyyənləşdirir. O baxımdan yeraltı parklanma yerlərinin istifadəsi oradan dövlətə gələn rüsum qeydiyyatdan keçməlidir. Ödədiyi vəsait də avtomoatik müəyyənləşdirilir və dövlətə vergi verilir. Ona görə də kim qoltuğuna bir parkomat vurursa, hara istəyir, qoyur. Nə hesabatı var, nə də başqa şeyi. Kim hardan istəyir, ordan da pul götürür. Dövlətə də xeyri yoxdur. Tıxac yaradır, vətəndaşlara problem yaradır. Elə qiymət müəyyənləşdirilsin ki, vətəndaşlar gəlib orada maşın saxlasınlar”.

Spiker Oqtay Əsədov millət vəkilinə belə reaksiya verib: "Xarici ölkələrdə ticarət mərkəzlərində parkomat yerlərinin çoxusu pulsuzdur, bəzilərində pulludur. Parklanma yerləri tikilib, ağzına gələn qiyməti qoyub, o yerlər də boş qalır. Bu məsələ mənə də aydın deyil. Bu məsələ bir daha maraqlanarıq. Dövlət təşkilatlarıdırsa, bununla bağlı müraciət hazırlayarıq”.

   //Qafqazinfo