Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelində

9-11-2015, 14:41
442

Kralın 16 "Kamaz"lıq əşyası azərbaycanlı milyarderin otelindəKralın əşyaları Türkiyədə. G-20 liderlərinin sammitində iştirak etmək üçün Türkiyəyə səfərə hazırlaşan Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz və onu müşayiət edəcək heyətin şəxsi əşyaları artıq Antaliyaya gətirilib. 16 "Kamaz" əşya və 65 ədəd xüsusi hazırlanmış "Mercedes" markalı maşın "Mardan Palace" otelinə çatdırılıb.

Kral və şahzadə Telal bir gecəsi 15 min avro olan villalarda qalacaqlar.
Şəxsi əşyaların arasında kral ailəsinin yataq dəstləri, istifadə edəcəkləri stəkanlar, geyimlərindən tutmuş hər şey var.

Səudiyyə Ərəbistanından olan heyət üçün azərbaycanlı iş adamı AST Telmanın tikdirdiyi milyardlıq oteldə 546 otaq hazırlanıb.
Kral və şahzadənin qalacağı villalarda hazırlıq iki ay öncə başlayıb.

1000 nəfərlik heyətlə otelə gələcək kral bu xidmətin müqabilində 18 milyon dollar ödəyəcək. Səudiyyə Ərəbistanı kralı zirvə toplantısından bir neçə gün öncə Antaliyaya gedəcək, toplantıdan bir neçə gün sonra da ölkəsinə qayıdacaq.

İnşaasında 10 min kvadratmetr qızıl örtükdən, 500 min kristal, 23 min kvadratmetr İtaliya mərmərindən istifadə edilən və dünyanın ən lüks otellərindən olan "Mardan Palace" kral sayəsində G-20-nin ən diqqətçəkən məkanı olacaq.

Məlumat üçün bildirək ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilən "Mardan Palace" bir neçə gün öncə satılıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır.

   //ANS Press