İlham Əliyev Naxçıvanda

1-12-2015, 17:31
150

İlham Əliyev NaxçıvandaDekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə edib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb. Dövlət başçısı hava limanında Muxtar Respublika hökumətinin üzvləri ilə görüşüb.

O, ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verib.

Daha sonra İlham Əliyev dekabrın 1-də Naxçıvana səfəri çərçivəsində yenidən qurulmuş Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur, yeni yollar salınır, mövcud magistrallar ən müasir səviyyədə yenidən qurulur, çoxfunksiyalı yol qovşaqları inşa olunur. Artıq bu layihələr rayon, kənd və qəsəbələri də əhatə edir. Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması belə layihələrin Naxçıvan Muxtar Respublikasında da geniş vüsət aldığını nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən mühüm layihələr sırasında öz yeri olan bu yolun yeni və daha müasir şəkildə istifadəyə verilməsi ilk növbədə, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Yüksək səviyyədə yenidən qurulan bu yol nəqliyyatın rahat və maneəsiz hərəkətinə imkan yaradır.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə tanış olub.

Məlumat verilib ki, Babək rayonunun bir sıra yaşayış məntəqələrini birləşdirən, uzunluğu 16 kilometrə yaxın, eni 7,5 metr olan yol bir il müddətində tamamilə yenidən qurulub. Burada 455 metr uzunluğunda beton kanal çəkilib. Yol boyunca 8 yerdə beton su keçidi, 38 yerdə boru su keçidi tikilib, lazımi yol nişanları və göstəriciləri qoyulub. Ən başlıcası isə bu rahat yoldan həmin ərazidə yaşayan 32 min nəfər sakin istifadə edəcək. Bu magistral təkcə Naxçıvan şəhəri və Babək rayonu üçün deyil, ümumilikdə, muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir.

Bildirildi ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür.

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

   //ANS Press