General Akif Çovdarov qandallandı - Məhkəmə hökm çıxardı

15-11-2015, 23:23
294

General Akif Çovdarov qandallandı - Məhkəmə hökm çıxardı Bir qədər öncə Səbail Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.

Məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Akif Çovdarov çoxsaylı polis maşınlardan ibarət konvoyun müşayiəti ilə Səbail Məhkəməsinin binasına gətirilib. Məhkəmə qapalı keçirlib və hökm çıxarılandan sonra Akif Çovdarovun qoluna qandal taxılıb. General Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, eləcə də qulluq mövqeyindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda, şantajda, təhdidlə pul tələb etməkdə təqsirli bilinir.

A.Çovdarov konkret olaraq Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov məhkəmədən Bakı İstintaq Təcridxanasına aparılıb.

Şahidlər müşahidə ediblər ki, general Çovdarov həddən artıq əzgin və dilxor görünürmüş, ümidini itirmiş adam təsiri bağışlayıb.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A.Çovdarov işdən qovulan eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub.
Rüşvət tələb edilməklə təhdid olunan həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına verdikləri  şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkiblər.

Xatırladaq ki, bir müddət öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.

Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Akif Çovdarov həm də bir sıra jurnalistlər və QHT sədrlərinin şərlənərək həbsə atılmasında xüsusi rol oynayıb.

   //virtualaz.org