Ata oğlunun meyidini gözləyir: ermənilər vermir - Şəhidin evindən - VİDEO

4-01-2017, 10:02
388

Şəhid atasının gözləri yolda: Oğlunun meyidini gözləyir


 
Ata oğlunun meyidini gözləyir: ermənilər vermir - Şəhidin evindən - VİDEO"Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması hələ ki, mümkün olmayıb. Bu isə Qurbanovlar ailəsinin kədərini daha da artır.
 
İstiPress-in əməkdaşları şəhidin ailəsinə baş çəkib. Şəhidin atası ötən gün Müdafiə Nazirliyi və Qızıl Aypara Cəmiyyətində olub. Müdafiə Nazirliyində ona hökumətin meyidin qaytarılması üçün müvafiq danışıqlar apardığını bildiriblər. Qızıl Aypara Cəmiyyətində isə qeyri-iş günü ilə bağlı Salman Qurbanovu qəbul edən olmayıb. İndi şəhid ailəsi oğullarının nəşinə qovuşacaqları günü gözləyirlər.
 
Çingiz Qurbanovun bir qardaşı da var. İkinci kurs tələbəsi olan ailənin kiçik övladı gözdən əlildir. Çingizin ölümü ailə yaxınlarını bir araya toplayıb. Bibisi deyir,
 
Çingiz anasının doğum gününə ölüm xəbərini hədiyyə etdi; iki gün öncə anasının ad günü olub. Ana isə 5 gündür yemədən-içmədən övladının nəşinə qovuşacağı günü gözləyir. Çingiz Qurbanov ailənin böyük övladı olub. O, Azərbaycan Texniki Universitetinin məzunu olub. İyul ayında hərbi xidmətə yollanıb. Atası deyir, oğlum bu günlərdə məzuniyyətə gəlməli idi, amma özündən əvvəl ölüm xəbərini aldıq. Ən acınacaqlısı isə odur ki, ölüsü belə evimizə gəlib çıxmır. Elə dərdli atanın da yeganə arzusu övladının meyidinin qaytarılması və ona torpağa tapşırmaqdır. Çingiz Qurbanovun ailəsi Əhmədli qəsəbəsində kirayədə yaşayır. Artıq ailə bu gün şəhidin doğulduğu Qusar rayonunun Həzrə kəndinə yola düşəcək. Ailə üzvləri deyir ki, orda Çingizin meyidinin qaytarılmasını gözləyəcəklər. Ümid edirlər ki, tezliklə bu məsələ həll edilər.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunu dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.