“İran Azərbaycana hücum etsə siyasi xəritədən silinəcək”

30-12-2016, 21:44
580

Qüdrət Həsənquliyev: "Bu ölkənin ərazisində ən azı 5 yeni dövlət yaranacaq”



“İran Azərbaycana hücum etsə siyasi xəritədən silinəcək”Mətbuatda oxudum ki, İran İslam Respubnlikası bizim Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistan tərəfi və Dağlıq Qarabağdakı separatçı rejimlə hansısa razılıq əldə edib.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
BAXCP sədri deyib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikləri müzakirə ediriksə bir məsələyə münasibət bildirməyi vacib sayıram: "Bir müddət əvvəl də İranın müdafiə naziri Hüseyn Dehqan belə bir açıqlama verib ki, "biz İsrailin regionda iştirakına dözməyəcəyik”. Azərbaycanda gözəl bir el məsəli var. Birindən soruşurlar ki, adın nədir? O da cavab verir ki, Mülayim. Qarşı tərəf də deyir ki, "sərt olub neyləyəcəkdin ki?”
İndi bu İran da dözməyib nə edəcək? Azərbaycanı işğal edəcək? İran Azərbaycana hücum etsə siyasi xəritədən silinəcək, ən azı İran ərazisində 5 yeni dövlət yaranacaq”.

"Azərbaycan işğalçı əsgərlər üçün yalnız məzar yeri ola bilər”

Millət vəkili Ermənistanın cəbhə xəttində növbəti dəfə həyata keçirdiyi təxribat cəhdlərində münasibət bildirib. Qüdrət Həsənquliyev sözügedən təxribat cəhdinin qəsdən törədildiyini söyləyib: "Bu dəfə istəyirlər ki, münaqişəyə 3-cü dövləti - Rusiyanı cəlb etsinlər. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi tam zamanında və lazimi bur açıqlama ilə çıxış etdi. Yəni erməni xalqı bilməlidir ki, Azərbaycan işğalçı əsgərlər üçün yalnız məzar yeri ola bilər. Yəni onlar işğal etdikləri ərazilərdən çıxmalıdır”.

"Bordyuja Ermənistanın tütəyinə çevrilib”

Millət vəkili həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın "Dağlıq Qarabağ respublikası” ifadəsinə də sərt münasibət bildirib: "Amma çox təəssüf ki, Ermənistanın tütəyinə çevrilmiş Bordyuja açıqlama verərək separatçı rejimi Dağlıq Qarabağ respublikası adlandırıb. Yenə də Ermənistanın müdafiəsinə qalxıb və.s. Mən hesab edirəm ki, Azərbaycan xarici işlər naziri bununla bağlı açıqlama versə də, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin hər birinə ayrı ayrılıqda müraciət etməliyik ki, bu tütək artıq baş katib vəzifəsindən kənarlaşdırılmalıdır. Bu Ermənistanın ruporuna çevrilib.
Yəni bu adam artıq tamamilə mövqeyini itirib. O Ermənistanın cibində olan, ələ alınmış bir adamdır. Biz nə vaxta qədər Bordyujanın belə çılğın, yersiz, beynəlxalq hüquqa təhqir hesab olunan, Rusiyanın vasitəçi kimi öz mövqeyinə belə zərbə vuran açıqlamalarına dözəcəyik?
Ona görə də mən hesab edirəm ki, biz bu məsələni diqqətə çatdırmalıyıq, KTMT-yə üzv olan dövlətlərin hər birinə ayrı ayrılıqda müraciət etməliyik. Son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlər yaxşılaşır. Azərbaycan İsrail-Türkiyə arasında münasibətərin daha da yaxşılşmasına öz töhfəsini verməyə çalışmalıdır. Biz İsraillə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıyıq. Düşünürəm ki, İsraildə də Azərbaycan Respublikasının səfirliyinin açılmasınını vaxtı çatıb”.

  //Baymedia.az