Akademik Cəlal Əliyev dünyasını dəyişdi

31-01-2016, 21:24
634

Akademik Cəlal Əliyev dünyasını dəyişdiBu gün Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevuzun sürən xəstəlikdən sonravəfat edib.

Bu barədə haqqın.az saytına akademikin köməkçilərindən biri xəbər verib.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb.

1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

"İstiqlal" ordeni ilə təltif edilib.

18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.