Azərbaycan basketbol yığmasına yeni baş məşqçi təyin olunub

13-03-2016, 22:20
386

Azərbaycan basketbol yığmasına yeni baş məşqçi təyin olunubAzərbaycan basketbol yığmasına yeni baş məşqçi təyin olunub. Federasiyanın icraçı direktoru Rüstəm Rüstəmov  bildirib ki, komandanın baş məşqçisi Elxan Əliyev istefaya göndərilib.

"Bu gün Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda iştirak edənlərin yekdil qərarı ilə Elxan Əliyev kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsindən azad edilib, bu vəzifəyə Samit Nuruzadə təyin olunub"


Rüstəm Rüstəmovun sözlərinə görə, Elxan Əliyevin işdən azad olunmasının səbəbi Avropa oyunları zamanı komandanın heç bir nəticə əldə etməməsidir. Milli komandamızın yeni baş məşqçisi Samit Nuruzadə əvvəl 10 il İngiltərədə çalışıb. Federasiya rəsmisi qeyd edib ki, 41 yaşlı Samit Nuruzadə Azərbaycanda yeganə sertifikatlaşdırlmış rəsmi məşqçidir.   

"Bizim fikrimiz var ki, basketbola yeni nəfəs verək. Yeni qan olsun. Bizim Elxan Əliyevlə düşmənçiliyimiz yoxdur. O, Məşqçilər Şurasının üzvü kimi qalır. Bu kadr dəyişməsi təbii prosesdir. Bizim məqsədimiz basketbolun inkişafıdır. Əgər biz indidən düzgün qərar verməsək, gənc nəsil yetişdirməsək Azərbaycanda basketbol məhv ola bilər. Bizim məqsədimiz yerli mütəxəssisləri və idmançıları yetişdirməkdir”.

Əlavə edək ki, Beynəlxalq Basketbol Federasiyasının reytinq cədvəlində Azərbaycan yığmasının adı yoxdur. Cədvəlin ilk üçlüyündə ABŞ, İspaniya və Litva yer alır.

Azərbaycan Respublikasının "Əməkdar İdman Xadimi", Azərbaycan "Əməkdar məşqçisi", SSRİ idman ustası Əliyev Elxan İzzət oğlu 1948-ci il fevralın 28-də Bakı şəhərində anadan olub. E.Əliyev 2003-2006-cı illərdə milli yığmanın və "Qala" BK-un məşqçisi olub. 2008-ci ildə baş məşqçi vəzifəsində olarkən onun rəhbərlik etdiyi Azərbaycan yığması Avropa Çempionatının Şotlandiyada kemirilən "C" divizionunda I yer tutub. Bu səviyyəcə Avropa çempionatının 3-cü divizionudur.

   //ANS Press