Döyülüb öldürülən jurnalistin məhkəməsi oldu: "Bilsəydim getməzdim"

21-01-2016, 16:31
420

Döyülüb öldürülən jurnalistin məhkəməsi oldu: "Bilsəydim getməzdim"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Prosesdə təqsirləndirilən Samir Mustafayev ifadə verib. S.Mustafayev bildirib ki, R.Əliyevi vurmayıb, əksinə, mərhum yerə yıxılan zaman ayağa qalxmasına kömək edib. "Əgər orada dava olacağını bilsəydim, heç ora getməzdim".

Daha sonra jurnalistin anası Teyfurə Əliyeva ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib. Bildirib ki, oğlunun ölümünə həkim səhlənkarlığı da səbəb olub.
T.Əliyeva bu hadisənin məhz Cavid Hüseynovun göstərişi ilə baş verdiyini də deyib.
"Rasim mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. Rasimi Cavidlə Elşən evdən aldadaraq çıxardılar. Çünki Rasim onunla gülə-gülə danışırdı".
Ananın sözlərinə görə, oğlunun həkimi onun səhhəti barədə doğru məlumat verməyib.

Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.

Avqustun 8-də saat 18.00 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
"Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dekabr ayında öldürülən jurnalist Rasim Əliyevin döyüldüyü anın video görüntüləri yayılıb. Video görüntülərdə Rasim Əliyevin avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları ilə görüşü və onun vurulması əksini tapıb.

   //ANS Press