Bəşər Əsəd Moskvaya Xəzər dənizinin üstü ilə uçub

22-10-2015, 14:06
251

Bəşər Əsəd Moskvaya Xəzər dənizinin üstü ilə uçubGözlənilmədən Rusiyanın paytaxtı Moskvaya səfər edən Suriya prezidenti Bəşər Əsədin təyyarəsi Türkiyə hava sahəsindən istifadə etməyib.Əsədi aparan təyyarənin tədbir məqsədilə Türkiyə üzərindən keçmədiyi bildirilir. Suriya prezidentinin olduğu təyyarə paytaxt Dəməşqdən havaya qalxaraq İraq və İranın hava sahələrindən, həmçinin Xəzər dənizinin üzərindən keçərək Moskvaya çatıb.

Suriya prezidenti Bəşər Əsədin olduğu təyyarənin getdiyi yol "Flightradar24” saytında göstərilən xəritədə də öz əksini tapıb.

Bəşər Əsəd gözlənilmədən gecə saatlarında Moskvaya səfər edib. Bu, Bəşər Əsədin 2011-ci ildən bəri Suriyada vətəndaş müharibəsi başlayandan sonra xarici ölkəyə ilk səfəridir. Səfəri çərçivəsində Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Əsəd qeyd edib ki, Rusiyanın münaqişədə iştirakı terrorçuluğun yayılaraq daha təhlükəli olmasının qarşısını alıb. Putin isə bildirib ki, Suriya xalqı beynəlxalq terrorçuluğa qarşı mübarizədə bir neçə ildir demək olar ki, tək qalmışdı.

Suriya prezidenti Moskvaya ötən gecə getsə də, mətbuat bundan yalnız səhər xəbər tutub. Görünür ki, təhükəsizlik məsələləri nəzərə alınaraq Əsədin Rusiyaya gəlişi sonadək gizli saxlanılıb.

Putin və Əsəd görüşündə Suriya böhranından çıxış yolları, hərbi əməliyyatların bundan sonrakı gedişatı müzakirə olunub.

"Suriya xalqı demək olar ki, beynəlxalq terrorçuluğa qarşı mübarizəni təkbaşına davam etdirir. Böyük itkilər versə də, son zamanlarda bu mübarizədə uğurlar əldə etməyə başlayıb”, - deyə Vladimir Putin bəyan edib.

Bəşər Əsəd Suriyada həyata keçirilən əməliyyatlarla bağlı Rusiya hökumətinə minnətdarlıq bildirdikdən sonra, Suriya hərbi qüvvələrinin fəaliyyəti və planları barədə Vladimir Putinə məlumat verib. Rusiyanın Suriyanın ərazi bütövlüyü və müstəqililiyi uğrunda apardığı əməliyyatları beynəlxalq hüquqa söykəndiyi əlavə edib. Əsəd terrorçuların öhdəsindən təkbaşına gələ bilməyəcəyini etiraf edib:

"Regionda yayılan terrorçuluq, sizin addımlarınız olmasaydı, daha geniş əraziləri əhatə edəcəkdi. Biz artıq Rusiyanın da köməyi ilə terrora son qoyulacağına inanırıq. Bunun üçün biz hərbi üsuldan daha üstün olan siyasi tədbirləri həyata keçirməyə hazırıq”.

Diqqət çəkən bir məqam Suriyadan böyük bir kürd heyətinin bu görüşdə iştirakı olub.

Politoloqlar Putin və Əsədin müzakirələr əsnasında kürdlərə muxtariyyət sözü verdiklərini düşünürlər. Bunun qarşılığında isə "İŞİD”lə savaşmaları üçün kürd birliklərinin silahlandırılması barədə razılığ əldə edilib. Bütün bunlar isə ilk növbədə Türkiyənin bölgədəki maraqlarıyla üst-üstə düşmür.

Əsədin qəfl Moskvada peyda olmasına Türkiyə baş naziri Əhməd Davudoğlu isə "kaş ki, Əsəd Rusiyada həmişəlik qalaydı, Suriya xalqı bir az rahatlanardı”, - deyə reaksiya verib.

Rəsmi Ankara hesab edir ki, Suriya münaqişəsinin həlli əli qana bulanmış prezident Bəşər Əsədin getməsindən başlayır. Maraqlıdır ki, müttəfiq ölkələrdən ABŞ əvvəlki tək Əsədin dərhal prezidentlikdən getməsini təkid etmir.

Dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Suriya məsələsində mövqeyini dəyişib, onlar hesab edirlər ki, Əsədin qəfl gedişi Suriyanı yenidən parçalaya bilər.

Qərb artıq Suriyada Rusiya faktorunun olduğunu qəbul edir. Üstəlik az müddət deyil, 4 ildir ki, Əsəd onu devirmək istəyənlərin qarşısında davam gətirir.

Suriyalıların böyük qismi ərəb inqlablarından dərs götürərək prezidentlərinə dəstək olurlar.

   //ANS Press