Müəllimlər dərs keçməkdən imtina etdilər

14-11-2015, 14:38
113

Müəllimlər dərs keçməkdən imtina etdilərAzərbaycanda müəllimlər etiraz ediblər.

Biləsuvar rayonunun Aşağı Cürəli kəndinin məktəb müəllimləri dərs keçməkdən imtina ediblər. Buna səbəb həmin məktəbin müəllimlərinin maaşlarının vaxtında verilməməsi və təhsil ocağının vəziyyətinin bərbad olması göstərilir.

Müəllimlər rayon tədris şöbə müdiri Balaqardaş Kazımovla görüş tələb ediblər.

Bu həmin məktəbin müəllimlərinin ilk etirazı deyil. Bir neçə gün əvvəl də müəllimlərin bir qismi maaşların verilməməsi ilə əlaqədar olaraq, tətil elan ediblər.

Müəllimlərə maaşlarının noyabrın 12-də veriləcəyi deyilsə də, lakin rəsmi orqanlar sözlərinin üstündə durmayıblar. Buna səbəb kimi rayon tədris şöbəsinin müdiri Balaqardaş Kazımovun səhlənkarlıq ucbatından sənədləri vaxtında hazırlamaması göstərilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, Biləsuvar rayonuna yeni icra rəhbəri təyin olunub, odur ki, məktəbin təmir işlərinə yəqin ki, bu yaxında baxılacaq.

"Həmin rayondan maaşlarla bağlı da müəllimlərin şikayəti var, amma bu araşdırma tələb edən prosesdir, odur ki, bu haqda indi məlumat verə bilmirəm", - deyə Cəsarət Valehov bildirdi.

Bu il rayon məktəblərinin həddindən artıq bərbad olması ilə bağlı çoxlu sayda şikayətlər olunub. Onlardan biri də İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbi olub. Bu tədris ocağında dərs keçənlər daim təhlükə altında olublar. Amma sentyabrın 17-si ANS PRESS bu məsələni işılandırdıqdan sonra məktəb təmir olunub.

Lakin bərbad vəziyyətdə olan təkcə bu məktəb deyil, Lənkəran rayonunun Zövlə kənd orta məktəbi, Tərtərin Azad Qaraqoyunlu kənd orta məktəbi, Quba rayonunun Zərqava kənd orta məktəblərini də buna misal göstərmək olar.

Adı çəkilən təhsil ocaqlarının divarları uçub, tavanları çöküb, sınıq pəncərələrə karton, selofan örtük vurulub və s. Bütün bu problemlər dərs prosesinə mane olmaqla yanaşı, şagirdləri ümumiyyətlə məktəbə gəlməkdən çəkindirir. Bu məktəblərin də tezliklə təmir olunmasını gözləyirik.

Belə problemlərin hələ də mövcud olduğu bir vaxtda Azərbaycanda təhsil sisteminin sürətli inkişafından danışmaq çətindir.

Bu cür şəraitdə təhsil alan şagirdlərin gələcəkdə yüksək nəticə əldə etməsi şübhə doğurur. Bu isə ümumilikdə Azərbaycanda təhsil sisteminin inkişafına deyil, geriləməsinə gətirib çıxara bilər. Ona görə də, tək paytaxt və rayon markəzlərində deyil, ucqar kəndlər də yeni və müasir standartlara cavab verən təhsil ocaqlarının tikilməsi vacibdir.

   //ANS Press