Mübariz Mənsimov: "Dənizçilikdə gücümüz yüksələcək"

13-02-2016, 23:07
111

Mübariz Mənsimov: "Dənizçilikdə gücümüz yüksələcək"Azərbaycanlı iş adamı Mübariz Mənsimov (Qurbanoğlu) Türkiyənin "Hürriyet" qəzetinə müsahibə verib. Müsahibəsində M.Mənsimov maraqlı faktlara toxunub.

Mübariz Mənsimov bildirib ki, dənizçilikdə tonnaj gücünü 3 milyon tondan 5 milyon tonadək yüksəldəcək.

Rusiya-Türkiyə arasında yaşanan gərgin münasibətlərdən sonra işlərində az da olsa durğunluq yaşadığını qeyd edən Mübariz Mənsimov, baş verən böhranın onun işlərinin tamamilə sona çatdırması haqqında gəzən məlumatların yanlış olduğunu vurğulayıb.

"Deyirlər ki, mən Türkiyəni tərk edib Rusiyaya gedəcəm. Bu, doğru deyil. Mənim Rusiyadakı şirkətim 20 ildir fəaliyyət göstərir. Həmin şirkət tamamilə rus qaydaları ilə qurulub. Hər ay hökümətə vergi ödəyirik. Oradakı işlərim davam edir. Mən Azərbaycan türküyəm, Türkiyədən getmək fikrim də yoxdur", - deyə biznesmen söyləyib.

Malta, Azərbaycan, Rusiyada şirkətlərə sahib olduğunu deyən azərbaycanlı neftin qiymətinin kəskin azalmasından da danışıb. Əsas işinin neft nəqli olan Mübariz Qurbanoğlu neftin qiymətinin düşməsinin onun biznesinə müsbət təsir etdiyini qeyd edib.

"Neftin qiymətinin düşməsi bizə sərf edir. Çünki xərclər də düşüb. Dünyanın hər bir yerinə gedirik. Gəmilərin ən böyük xərci yanacaqdır. Gəmilərə 3-4 min ton yanacaq alırıq. Əvvəl yanacağa daha çox pul ödəyirdiksə, indi az ödəyirik. yaxın 10 il ərzində gücümüzü 3 milyon tondan 5 milyon tona qaldırmaq fikrindəyik. Eyni zamanda, yeni gəmilər də almağı düşünürük. Hazırda 270-ə yaxın gəmimiz var. Son 20 ildə Türkiyədə heç bir türk şirkəti bu qədər sayda gəmi tikdirməyib".

Azərbaycanlı iş adamı Türkiyədə heç bir şirkətinin bağlamadığını və hər birinin işlədiyini söyləsə də, amma yaxın vaxtlarda turizm sektorundan çıxmaq istədiyini bildirib. Onun sözlərinə əsasən, İstanbuldakı mehmanxana kapitalını satacaq. Biznesmen özünə aid heç bir mülkünü satmadığını da vurğulayb.

"Başqa hansısa bir məkanı satmaq bu dəqiqə gündəmdə deyil, amma mən bir iş adamıyam, çox yaxşı təklif gələrsə, dənizçilikdən başqa, hər şeyi sata bilərəm. çünki dənizçilik bizim əsas işimizdir".

Borclarına gəlincə isə, Qurbanoğlu gəmilərin 50 faizinin öz hesabına, 50 fazisin isə kreditlə tikdirdiyini söyləyərək, bu kreditlərin uzunmüddətli olduğunu və vaxtında ödədiyini israr edib.

"Sizin barənizdə mənfi xəbərlərin yazılmağınının səbəbini nədə görürsünüz?" - sualına Mübariz Mənsimov "Sevenimiz çoxdur!"- deyə cavab verib. Ardından isə o, dünyanın hər bir yerində problem olduğunu, lakin Türkiyənin iqtisadiyyatı naminə daim çalışacağını söyləyib. Hətta, gəzən bəd xəbərlərin onun işlərinə heç də təsir etmədiyini deyən biznesmen: "İş dünyasında çox şayiələr çıxır. Hər kəs bir-birinə nəsə deyir, ya da arxasınca danışır. Halbuki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mən də, uşaqlarım da burada yaşayırıq. Başqa bir ölkədə yaşamağı da düşünmürük", - deyə sözünə davam edib.

Müsahibəsinin sonunda Rusiya-Türkiyə münasibətlərinə bir daha qayıdan iş adamı iki ölkənin bir-birinə bağlı olduğunu qeyd etdi. O, həmçinin, türklərlə rusların arasına "şeytanın" girdiyini deyib. Biznesmen Suriyadakı yaşananlara və Suriya ərazisinə düşən təyyarə hadisəsinə bağlı təəssüf hissini də gizlətməyib.

Azəri əsilli türk adamı 1998-ci ildən Türkiyəni istehsal bazası olaraq seçib və orada məskən salıb. Sahibi olduğu Palmali Şirkətlər Qrupu Türkiyədə qısa müddətdə tanına bilib. Dünyanın ən böyük dəniz nəqliyyatı donanmalarından birinin sahibi olan Mübariz 2007-ci ildən Türkiyə vətəndaşlığına keçərək, Qurbanoğlu soyadını götürüb. O, 2013-2014-cü illər Türkiyənin ən zəngin 10 adamdan biri olub, 2015-ci ildə isə "Forbes" jurnalında ən zənginlər siyahısına daxil edilib.

   //ANS Press